Tərtər rayonunda fərdi yaşayış evində baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib.
Hadisə rayon mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Yanğından mühafizə bölmələrinin əməkdaşları yanğını söndürüb.
Alov söndürüldükdən sonra evə baxış keçirilərkən ev sahibləri – 85 yaşlı Əsgər Səmədov və həyat yoldaşı, 72 yaşlı Adilə Hüseynovanın yanmış meyitləri aşkarlanıb.
İlkin məlumatlara görə, yanğının qəsdən törədildiyi ehtimal edilir. Həmçinin hadisədən sonra evdən təxminən 16 min manat məbləğində pulun yoxa çıxdığı iddia olunur.
Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Yanğının başvermə səbəbi və ölüm hadisəsinin bütün təfərrüatları istintaq çərçivəsində müəyyənləşdiriləcək.
Mənbə: Xəzərxəbər

