Muzeylərdə süni intellekt dövrü başlayır – Ziyarətçiləri nə gözləyir?

Muzeylərdə süni intellekt dövrü başlayır – Ziyarətçiləri nə gözləyir?

Azərbaycanın muzey və qalereyalarında rəqəmsal texnologiyaların tətbiqi genişləndiriləcək.

“Xeber yerinde” xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, yaxın illərdə muzeylərdə virtual və artırılmış reallıq (VR/AR), 360 dərəcəlik virtual turlar və süni intellekt texnologiyalarından istifadə planlaşdırılır.

Yeni texnologiyalar vasitəsilə eksponatların ziyarətçilərə daha müasir və interaktiv şəkildə təqdim edilməsi nəzərdə tutulur. Bu məqsədlə beynəlxalq təcrübə araşdırılır, texnologiyaların tətbiqi üçün mexanizmlər hazırlanır və müvafiq texniki infrastruktur qurulur.

Bununla yanaşı, muzey fondlarının rəqəmsallaşdırılması prosesi davam etdirilir. Eksponatların elektron məlumat bazasına daxil edilməsi, onlar barədə informasiyanın sistemləşdirilməsi və vahid resursda birləşdirilməsi istiqamətində iş aparılır. Muzeylərdəki eksponatların QR kodlarla təchiz olunması da planlaşdırılır.

Hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 498, Milli İncəsənət Muzeyinin isə 17 053 eksponatı rəqəmsal formata keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə yaradılan və bərpa olunan muzeylərdə də müasir rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur. Burada virtual reallıq, 360 dərəcəlik turlar və QR kodlarla yanaşı, eksponatlar barədə məlumatların Vahid Mədəniyyət Reyestrinə inteqrasiyası planlaşdırılır.

Həmin ərazilərdə tarix və mədəniyyət abidələrinin sənədləşdirilməsi zamanı GIS, LiDAR, dronlar, fotogrammetriya və 3D modelləşdirmə kimi texnologiyalardan da istifadə edilir.

Nazirlik bildirir ki, rəqəmsallaşma nəticəsində həm mədəni irsin qorunması və sənədləşdirilməsi, həm də muzey ziyarətçiləri üçün daha interaktiv və müasir təcrübənin yaradılması mümkün olacaq.

Mənbə: Azərtac

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir