Rezidenturaya qəbul olmaq istəyən namizədlər bu gündən ixtisas seçimi edə bilərlər.
Xeber Yerinde xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, namizədlər avqustun 12-dən 16-dək elektron xidmət portalı vasitəsilə ixtisas seçimi aparmalıdırlar.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanının II mərhələsində – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılır.
Namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçərək onların kodlarını elektron ərizəsində istədiyi ardıcıllıqla qeyd etməlidir. Müsabiqə zamanı ixtisasların ərizədə göstərilən ardıcıllığı əsas götürüləcək və namizəd topladığı bala uyğun olaraq keçdiyi ixtisaslardan ilk seçdiyinə yerləşdiriləcək.
Qeyd edək ki, avqustun 9-da keçirilən rezidentura imtahanının II mərhələsində 991 namizəd iştirak edib. Onlardan 827 nəfəri 50 və daha çox bal toplayaraq ixtisas seçiminə buraxılıb.
İstiqamətlər üzrə nəticələrə gəlincə, Tibb istiqaməti üzrə 728 namizədin nəticələri nəzərə alınıb. Bu istiqamətdə ən yüksək nəticə 93 bal, ən aşağı nəticə isə 24 bal olub. 50 və daha çox bal toplayanların sayı 632 nəfər təşkil edib.
Stomatologiya istiqaməti üzrə 113 namizədin nəticələri qiymətləndirilib. Ən yüksək nəticə 88, ən aşağı nəticə isə 22 bal olub. Bu istiqamətdə 85 namizəd müsabiqə şərtini ödəyib.
İctimai səhiyyə istiqaməti üzrə isə 80 namizədin nəticəsi qeydə alınıb. Ən yüksək bal 78, ən aşağı bal 30 olub. 50 və daha çox bal toplayan 61 namizəd ixtisas seçiminə buraxılıb.
DİM namizədlərə ixtisas seçimi zamanı yalnız şəxsi istəklərini deyil, həm də mövcud müsabiqə vəziyyətini nəzərə almağı tövsiyə edir. Bu zaman ixtisaslar üzrə plan yerlərinin sayı, namizədlərin topladıqları balların paylanması və şəxsi nəticənin sıralamadakı mövqeyi diqqətlə araşdırılmalıdır.
“Rezidentura” jurnalının 3-cü nömrəsində ixtisas seçiminə dair təlimat, elektron ərizə nümunəsi, qəbul aparılan ixtisaslar və plan yerləri ilə bağlı məlumatlar dərc olunub.

