İstanbulun Qaziosmanpaşa rayonunda yaşadığı mənzildə ölü tapılan azərbaycanlı iş adamı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Xeber Yerində xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalov mənzildən gələn pis qoxudan sonra qonşuların polisə məlumat verməsi nəticəsində aşkarlanıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin köməyi ilə mənzilin qapısı açıldıqdan sonra Rövşən Zeynalovun cansız bədəni aşkarlanıb.
Bacısı da mənzildə olub
Mənzildə Rövşən Zeynalovun bacısı Mətanət Zeynalova da yataq otağında yatmış vəziyyətdə tapılıb. Psixi problemləri olduğu ehtimal edilən qadının qardaşının ölümündən sonra təxminən bir həftə onunla eyni mənzildə yaşadığı bildirilir.
Mənzildə qan izlərinin də aşkarlandığı qeyd olunur. Rövşən Zeynalovun ölümünün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün meyiti Məhkəmə Tibb Qurumunun morquna göndərilib.
İş üzrə araşdırma başlanılıb.
Nəşi Azərbaycana gətiriləcək
Bildirilib ki, Rövşən Zeynalovun nəşi artıq ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan Zeynalovun Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu məlum olub.
Məşhur tiktokerin həyat yoldaşı imiş
Məlumata görə, Rövşən Zeynalov sosial şəbəkələrdə “Bəniz” adı ilə tanınan tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladının olduğu bildirilir.
Qeyd edək ki, Aybəniz Xəlilova bir neçə gün əvvəl sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunaraq 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

