Ötən il itkin düşən 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürüldüyü müəyyən edilib.
Xeber Yerində xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.
Anasını döyərək öldürüb, meyitini həyətdə basdırıb
İstintaq zamanı 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyulunda anası ilə mübahisə etdiyi və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində birgə yaşadıqları evdə ona çoxsaylı yumruq və təpik zərbələri endirdiyi müəyyənləşdirilib.
Nəticədə qadın ağır xəsarətlər alıb və aldığı xəsarətlərdən ölüb. Daha sonra Elnur Məmmədovun anasının meyitini yaşadıqları evin həyətində basdırdığına dair əsaslı şübhələr müəyyən edilib.
Həyətdə qazıntı aparıldı, insan skeleti tapıldı
İstintaq çərçivəsində hadisə yerinə baxış keçirilib. Məhkəmə-tibbi ekspertlərin iştirakı ilə evin həyətində qazıntı işləri aparılıb və burada insan skeleti aşkar edilərək götürülüb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürmə üzrə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunub və ona həmin maddə ilə ittiham elan edilib.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluq qeyd edib ki, əvvəlki illərdən bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər davam etdirilir.

