Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində yerləşən obyektdə yanğın baş verib.
Xeber Yerinde FHN-ə istinadən xəbər verir ki, yanğınla bağlı “112” qaynar xəttinə daxil olan məlumatdan dərhal sonra FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 360 kvadratmetr olan obyektin ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın zamanı obyektin tavanı, içərisində olan şarj avadanlıqları və 4 ədəd velosiped yanıb.
Bundan əlavə, binanın ikinci mərtəbəsində yerləşən iki mənzilə də ziyan dəyib. Ümumi sahəsi 38 kvadratmetr olan ikiotaqlı mənzilin döşəməsi 12 kvadratmetr sahədə, digər 75 kvadratmetrlik ikiotaqlı mənzilin döşəməsi isə 9 kvadratmetr sahədə yanıb.
Obyektin və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

