Bakı Ağır Cinayətlər Məhkəməsində hoteldə iş yoldaşını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Xeber Yerinde Lent.az-a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bildiyini açıqlayıb.
Daha sonra iş üzrə şahidlər dindirilib.
Şahid M.F. ifadəsində bildirib ki, hadisə zamanı həm Seymur Manafov, həm də həyatını itirən Şəmistan Əliyev onun həmkarı olub. Onun sözlərinə görə, əməkdaşlar birlikdə yemək yeyiblər və daha sonra siqaret çəkmək üçün gediblər. Geri qayıtdıqda isə onların arasında mübahisə yarandığını görüb.
Şahidin sözlərinə görə, Şəmistan Əliyevin Seymura kobud ifadə işlətməsi qarşıdurmaya səbəb olub. Seymur Manafov isə buna etiraz edərək şkafdan bıçaq götürüb və həmkarının üzərinə qaçıb.
“Yanında dayanıb onu sakitləşdirməyə çalışırdım. Seymurun əlində bıçaqla gəldiyini görəndə qorxub kənara çəkildim. O, bıçağı iki dəfə Şəmistana vurdu. Hadisədən sonra əməkdaşlar gəldilər. Mən Şəmistanı yerə uzadıb gödəkçəmi çıxararaq yarasının üzərinə basdım və təcili yardım çağırdıq”, – deyə şahid bildirib.
Digər şahid V.R. isə qeyd edib ki, Şəmistan həmin gün icazə aldığı üçün işə gec gəlib. O, camaşırxanaya düşərkən səs-küy eşidib və hadisə yerinə yaxınlaşıb.
Şahidin sözlərinə görə, Seymur Manafov Şəmistana onunla söyüşlə danışmaması barədə xəbərdarlıq edib. Şəmistan isə ailəsinə və şəxsiyyətinə toxunmadığını deyib. Bundan sonra Seymurun daha da əsəbiləşdiyi və bıçaq götürmək üçün qaçdığı bildirilib.
V.R. ifadəsində deyib ki, Seymurun özündə olmadığını düşündüyü üçün onun arxasınca gedib. O, şkafdan götürülən bıçaqla Şəmistan Əliyevə iki zərbə endirildiyini görüb.
“Şəmistan əvvəl ayaq üstə idi, sonra qəfil yerə çökdü. Onun dili qatlanmışdı, güclə çıxardım. Hadisə yerinə gələn digər əməkdaşlar yarasına dəsmal basdılar”, – şahid deyib.
O, həmçinin hər iki şəxsi iş yoldaşı kimi tanıdığını, Seymur Manafovla isə uşaqlıqdan tanış olduğunu bildirib. Şahidin sözlərinə görə, onlar İkinci Qarabağ müharibəsində birlikdə iştirak ediblər.
Digər şahid A.P. də hadisə zamanı hoteldə olduğunu söyləyib. O, dəsmalları qatlayarkən səs-küy eşidib və nə baş verdiyini öyrənmək üçün həmin şəxslərin yanına yaxınlaşıb.
Şahidin sözlərinə görə, həmin vaxt Seymur Manafov Şəmistana ona söyüş söyməməsini deyib. Şəmistan Əliyev isə buna cavab olaraq mübahisəni daha da gərginləşdirən ifadə işlədib.
Qeyd edək ki, hadisə bu il yanvarın 25-də axşam saatlarında Bakı bulvarında yerləşən hotellərdən birində baş verib. Hoteldə ofisiant işləyən 30 yaşlı Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
İstintaq zamanı qətlin hotelin digər ofisiantı, 34 yaşlı Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və Seymur Manafov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə – qəsdən adam öldürmə ittihamı ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin növbəti iclası avqustun 20-də saat 17:00-a təyin edilib.

