“Sea Breeze” ərazisində 2022-ci il təvəllüdlü uşağın ölümü ilə nəticələnən faciəvi hadisənin yeni təfərrüatları “Xəbər Yerində”nin əldə etdiyi məlumata əsasən məlum olub.
“Xəbər Yerində” olaraq hadisə ilə bağlı ərazidə çalışan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi ilə əlaqə saxlamışıq. FHN əməkdaşının verdiyi məlumata görə, uşağın xilas edilməsi üçün aparılan əməliyyat təxminən 4 saat davam edib.

Məlumata görə, uzunmüddətli xilasetmə əməliyyatından sonra uşaq sudan çıxarılıb. Lakin onun boğulması səbəbindən həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı ərazidə olan şahidlərin sözlərinə görə, uşaq “Giriş qadağandır” nişanlı yerə daxil olub, balaca olduğundan anlamayıb işarələri.
19:00 radələrində insanlar ərazidən təxliyə edilib. Ardınca FHN əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə yaxınlaşıb.
Şahidlərin bildirdiyinə görə, uşağa hadisə yerində ilkin tibbi yardım göstərilib və süni tənəffüs tətbiq olunub. Lakin göstərilən tibbi yardıma və reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin bütün detalları və uşağın nasosa necə düşməsi ilə bağlı araşdırma aparılır.

