Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 214,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-ci il üzrə birbaşa xarici investisiyalarla bağlı dəqiqləşdirilmiş hesabatında bildirilib.
Azərbaycan ikinci sırada qərarlaşıb
Azərbaycan yatırılan sərmayələrin həcminə görə Gürcüstanın ikinci ən böyük investor ölkəsi olub. Azərbaycanın qonşu ölkəyə yatırılan ümumi xarici investisiyalardakı payı 11,3 faiz təşkil edib.
Gürcüstana ən çox investisiya yatıran ölkə isə 426,6 milyon dollarla Böyük Britaniya olub. Türkiyə 202,4 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Gürcüstana 1,9 milyard dollar sərmayə qoyulub
Hesabat ilində Gürcüstana ümumilikdə 1,9 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb edilib. Bu, 2024-cü illə müqayisədə 19,3 faiz, 2025-ci ilin ilkin göstəricisi ilə müqayisədə isə 12,5 faiz çoxdur.
2025-ci ildə Gürcüstanda ən çox investisiya maliyyə və sığorta, daşınmaz əmlak, ticarət, istehsal, nəqliyyat, informasiya və kommunikasiya, energetika və digər sahələrə yönəldilib.

