Azərbaycanda turizmin inkişafı məqsədilə həm hava nəqliyyatı imkanlarının genişləndirilməsi, həm də turistlər üçün yeni viza mexanizminin yaradılması planlaşdırılır.
Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, mövcud istiqamətlər üzrə uçuşların tezliyinin artırılması, yeni uçuş marşrutlarının açılması və bununla da Azərbaycanın xarici ölkələrlə hava əlaqələrinin genişləndirilməsi planlaşdırılır.
Bundan başqa, aviabiletlərin daha münasib qiymətə təklif olunması və regional hava limanlarının imkanlarından daha səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.
“Rəqəmsal səyyah” vizası gəlir
Dövlət Proqramında turistlər üçün diqqətçəkən yeniliklərdən biri də “Rəqəmsal səyyah” adlı yeni viza altnövünün təsis edilməsidir.
Yeni viza mexanizminin hazırlanması və elektron formada tətbiqinə başlanması 2027–2028-ci illərdə həyata keçiriləcək.
Bu məqsədlə beynəlxalq təcrübə öyrəniləcək, Azərbaycanın Miqrasiya Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanacaq.
Yeni viza altnövünün tətbiqi ilə bağlı işləri Xarici İşlər Nazirliyi aidiyyəti qurumlarla birlikdə həyata keçirəcək.
Beləliklə, 2026–2030-cu illər üzrə turizm proqramı çərçivəsində Azərbaycana daha çox birbaşa uçuşun təşkili, aviabiletlərin əlçatanlığının artırılması və yeni elektron viza imkanlarının yaradılması qarşıya əsas hədəflər kimi qoyulub.

