İsmayıllı rayonunda toy məclisi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun Hacıhətəmli kəndində, həyətyanı sahədə təşkil olunan toy məclisində qeydə alınıb.
İlkin məlumata görə, 24 nəfər zəhərlənmə əlamətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları müvafiq qurumların nümayəndələri ilə birlikdə araşdırma aparır.
Mütəxəssislər tərəfindən hadisə ilə əlaqədar müxtəlif nümunələr götürülərək laborator müayinələrə göndərilib. Araşdırmanın nəticələrinə əsasən müvafiq tədbirlər görüləcək.

