“Green Card” qazandı, yüksək vəzifəsini tərk etdi

“Green Card” qazandı, yüksək vəzifəsini tərk etdi

Ravil Tağıyev Yeni Klinikanın iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəbini açıqlayıb.

O, İqtisadiyyat.az-a açıqlamasında vəzifəsindən öz istəyi ilə getdiyini bildirib.

Tağıyevin sözlərinə görə, qərarının iki əsas səbəbi var. Onun böyük övladı bu ildən ABŞ-nin Florida ştatında ali təhsil alacaq. Bundan əlavə, Ravil Tağıyev ötən ilin mayında “Green Card” proqramının qalibi olub.

Bu səbəbdən o, iyul ayında vəzifəsindən ayrılması ilə bağlı rəhbərliyə ərizə təqdim edib. Onun müraciəti iyulun 31-də müsbət cavablandırılıb.

“Yeni Klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə Yeni Klinika deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə qədər çalışdığım Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib. Hər üç qurumun rəhbərliyindən çox məmnunam”, – deyə o bildirib.

Qeyd edək ki, Ravil Tağıyev dövlət xətti ilə “Səhiyyə təşkilatlarının idarə edilməsi” ixtisası üzrə Türkiyədə doktorantura təhsili almağa icazə verilən ilk azərbaycanlıdır.

O, bu ilin iyulunda Bakıda keçirilən və 10 ölkənin təmsil olunduğu 1-ci Türkdilli, 1-ci Xəzəryanı və 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresinin təşkilat komitəsinə rəhbərlik edib.

Tağıyev Yeni Klinikadakı fəaliyyəti ilə yanaşı, elmi-pedaqoji işini də davam etdirib. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müəllim kimi çalışıb.

Onun Azərbaycanda və xaricdə çoxsaylı elmi məqalələri dərc olunub və hazırda 4 dissertasiya işinə rəhbərlik edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir