Azərbaycanda orta aylıq əməkhaqqı 1174 manata çatıb. Lakin ölkə üzrə maaş göstəriciləri şəhər və rayonlardan asılı olaraq ciddi şəkildə dəyişir.
Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyulun 1-nə ölkə üzrə orta aylıq əməkhaqqı 1174 manat təşkil edib.
Maraqlıdır ki, ən yüksək orta maaş Bakıda deyil. Bu göstəricidə Xankəndi paytaxtı geridə qoyub. Xankəndidə orta aylıq əməkhaqqı 1644 manat olduğu halda, Bakıda bu rəqəm 1487 manatdır.
1000 manatdan yüksək orta maaş alan digər şəhər və rayonlar isə Daşkəsən (1249 manat), Şuşa (1144 manat), Xocalı (1098 manat), Zəngilan (1047 manat) və Gədəbəydir (1028 manat).
Ölkənin digər şəhər və rayonlarında orta aylıq əməkhaqqı 1000 manatdan aşağıdır.
Respublika üzrə orta göstəricinin 1174 manat olmasına əsas təsir edən amillərdən biri isə əmək bazarında Bakının böyük paya sahib olmasıdır.
Belə ki, Azərbaycanda muzdla çalışan 1 milyon 787 min nəfərin 1 milyona yaxını paytaxtın payına düşür. Bakıda çalışanların sayının çoxluğu və burada orta əməkhaqqının 1500 manata yaxın olması ölkə üzrə ümumi orta maaş göstəricisini də yüksəldir.

