Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etdiyini bildirib.
Dövlət başçısı bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində danışıb.
İlham Əliyev qeyd edib ki, son beş il ərzində iki ölkənin rəhbərləri arasında ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və intensiv təmasların baş tutması əlaqələrin daha da inkişafına mühüm şərait yaradıb.
“Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir”, – Prezident deyib.
Dövlət başçısı Özbəkistana səfərlərinin ənənəvi olaraq qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçdiyini vurğulayıb.
İlham Əliyev son illərdə Özbəkistanda müşahidə olunan sürətli inkişafı da xüsusi qeyd edib. O, müasir şəhərlərin salınmasını, iqtisadiyyatın şaxələndirilməsini, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini, elm, təhsil, mədəniyyət və idmana diqqətin artırılmasını ölkənin inkişafının əsas göstəriciləri kimi qiymətləndirib.
Prezident Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətə də yüksək qiymət verib.
Onun sözlərinə görə, Özbəkistanın beynəlxalq nüfuzunun möhkəmlənməsi və müxtəlif sahələrdə əldə etdiyi uğurlar düşünülmüş siyasətin, strateji baxışın və səmərəli dövlət idarəçiliyinin nəticəsidir.

