Bakıda Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində xəstələr arasında narahatlıq yaranıb.
“Xəbər Yerində” Xəzər TV-yə istinadən xəbər verir ki, böyrək xəstəliyindən müalicə alan 17 yaşlı İsmayıl Ağamaliyevin dializ zamanı vəziyyəti pisləşib.
Gəncin ailəsi bildirir ki, prosedur zamanı onun hərarəti qalxıb, ürəkbulanma və titrəmə müşahidə olunub. Eyni vaxtda digər dializ xəstələrində də oxşar əlamətlərin ortaya çıxdığı iddia edilir.
Hadisə zamanı xəstəxanada səs-küy yarandığı və xəstələrə “burada virus yayılıb, ehtiyatlı olmaq lazımdır” deyildiyi bildirilir.
İsmayıl Ağamaliyevin anası oğlunun səhhətinin onsuz da həssas olduğunu deyərək, baş verən hadisənin ailəni ciddi narahat etdiyini qeyd edib.
Sabunçu Tibb Mərkəzindən isə məsələ ilə bağlı araşdırma aparılacağı bildirilib. Tibb müəssisəsi ailənin səsləndirdiyi iddialara da münasibət bildirəcəyini açıqlayıb..

