Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
“Xəbər Yerində” xəbər verir ki, bunu Daşkənddə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən dövlət başçılarının təmasları iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçməsinə səbəb olub.
Hacıyev bildirib ki, Azərbaycanla Özbəkistanın əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Hazırda isə münasibətlər əbədi dostluq xarakteri daşıyır.
Prezidentin köməkçisi qeyd edib ki, bu, Azərbaycanın diplomatik təcrübəsində ilk belə addımdır və əbədi dostluq münasibətləri ilə bağlı sənəd ilk dəfə Özbəkistanla imzalanacaq.
Hacıyev xalqlar arasında tarixi, mədəni və ədəbi bağların mövcud olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dövlət başçılarının səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında əbədi dostluq münasibətlərinə dair sənəd imzalaması gözlənilir.
“Beləliklə, tarixə və xalqlarımızın ortaq iradəsinə əsaslanan əbədi dostluq münasibətləri siyasi müstəvidə də rəsmiləşdiriləcək”, – deyə Hacıyev bildirib.

