ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının istifadəsi üçün elektroşok əlcəklərinin alınmasına 20 milyon dollara qədər vəsait ayrılıb.
Xeber Yerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin açıqlamasına əsasən, ayrılan maliyyə ICE əməkdaşlarının xüsusi elektroşok cihazları ilə təchiz edilməsinə yönəldiləcək.
“Glove” adlandırılan bu cihazlar aşağı gərginlikli elektrik impulsları vasitəsilə şəxsin hərəkət imkanlarını məhdudlaşdırmaq üçün hazırlanıb. İstehsalçı şirkət əlcəyin qarşı tərəfi üç saniyədən az müddətdə nəzarətə almağa imkan verdiyini bildirir.
Şirkət məhsulu müxtəlif situasiyalarda istifadə edilə bilən, aşağı gərginlikli və “humanist” vasitə kimi təqdim edir. Bildirilir ki, bu tip cihazlardan daha əvvəl ABŞ həbsxanalarında məhbuslara nəzarət zamanı istifadə olunub.
ICE əməkdaşlarının bu avadanlıqla təchiz edilməsi isə insan haqları müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. Tənqidçilər son dövrlərdə miqrantlara qarşı güc tətbiqi ilə bağlı ICE-yə yönələn iradları xatırladaraq, yeni cihazların vəziyyəti daha da gərginləşdirə biləcəyini vurğulayırlar.
Amerika Vətəndaş Azadlıqları Birliyinin nümayəndəsi Cenn Rolnik Borçetta elektroşok cihazlarının mülki xarakterli immiqrasiya əməliyyatlarında istifadəsinə ehtiyacın nədən ibarət olduğunu sual edib.
Onun sözlərinə görə, ICE əməkdaşlarının güc tətbiqi ilə bağlı onsuz da ciddi narahatlıqların olduğu bir vaxtda belə avadanlıqların istifadəyə verilməsi əlavə risklər yarada bilər.
Elektroşok əlcəklərinin istehsalçısı isə cihazın sadəcə şifahi itaətsizlik və ya aqressiv davranışa görə cəzalandırma məqsədilə istifadə edilməməli olduğunu bildirir.
Şirkət həmçinin uşaqlar, hamilə qadınlar, yaşlılar və əlillər də daxil olmaqla yüksək risk qruplarına qarşı cihazın istifadəsinə xüsusi məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

