ABŞ-ın Viskonsin ştatının Menaşa və Eplton şəhərlərində baş verən güclü tornado yaşayış evlərinə ciddi ziyan vurub, ağacları kökündən çıxarıb və minlərlə sakini işıqsız qoyub.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Hava Xidməti tornadonu “son dərəcə təhlükəli” adlandırıb. İlkin qiymətləndirməyə əsasən, tornado ən azı EF-2 gücündə olub.
Yerli hakimiyyət sakinlərə evlərində qalmaları barədə xəbərdarlıq edib. Xilasedicilər dağıntılar altında zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirmək üçün ərazidə axtarış aparırlar.
Tornado nəticəsində evlərin damları uçub, elektrik dirəkləri aşıb, yollar bağlanıb. Bölgədə 30 mindən çox abonent elektriksiz qalıb.
Bundan əvvəl isə ştatın Uaytvoter şəhərində güclü fırtına zamanı 29 yaşlı kişi ildırım vurması nəticəsində həyatını itirib. ABŞ-ın bir neçə ştatında ümumilikdə 390 mindən çox istehlakçının elektrik təchizatı kəsilib.

