Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, ABŞ-a məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə zərbə endirərək İranın Qəşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib.
“Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə İran qüvvələrinin ABŞ-ın regiondakı hərbi qüvvələrinə qarşı yer-hava tipli raketlərdən istifadə etməsinə cavab olaraq həyata keçirilib.
“Reuters” və “Associated Press” agentlikləri də ABŞ-ın Qəşm adasına zərbə endirməsi barədə məlumat yayıblar.
Qəşm adasında beş partlayış səsi eşidilib
Qeyd edək ki, hadisədən əvvəl İranın cənubunda yerləşən Qəşm adasında beş partlayış səsinin eşidildiyi bildirilmişdi.
Məlumata görə, partlayışların gücü adadakı obyektlərə zərbə endirilmiş ola biləcəyini ehtimal etməyə əsas verib.
Bəzi sakinlər adanın səmasında iki təyyarə müşahidə etdiklərini bildiriblər.
Bundan əlavə, İranın Fars xəbər agentliyi Hörmüzqan əyalətinin Bəndər-Ləngə şəhəri istiqamətindən, dəniz tərəfdən partlayış səslərinin eşidildiyini xəbər verib.
İlkin məlumatlarda hadisələrin səbəbi məlum olmayıb, partlayışların hava zərbələri, yoxsa dənizdə baş verən başqa insidentlərlə bağlı olduğu dəqiqləşdirilməyib.

