Xəbər Yerində xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial şəbəkədə yayılan video araşdırmaya səbəb olub.
“TikTok”da “leylakenan” adlı hesabdan yayımlanan canlı yayım zamanı bəzi şəxslərin universitetə yeni qəbul olunan tələbələr barədə təhqiramiz ifadələr işlətdiyi və onları fiziki zorakılıqla hədələdiyi bildirilir. Yayımda əvvəlki illərdə tələbələrə xəsarət yetirildiyi də iddia olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis məsələ ilə bağlı araşdırma aparıb.
Araşdırma çərçivəsində görüntülərdə adı keçən şəxslər Yasamal Rayon Polis İdarəsinə dəvət olunublar. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.
Həmin şəxslərə gələcəkdə analoji hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
Mənbə: Qafqazinfo

