Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Ağsu rayonunda yerləşən “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda yanğın-taktiki təlim təşkil edib.
Təlimin əsas məqsədi müəssisə əməkdaşlarının fövqəladə hallar, xüsusilə yanğın zamanı düzgün davranış və təxliyə qaydaları barədə məlumatlılığını artırmaq, eyni zamanda yanğından mühafizə bölmələrinin belə obyektlərdə mümkün hadisələrə operativ müdaxilə bacarıqlarını təkmilləşdirmək olub.
Təlimin nəzəri hissəsində zavodun əməkdaşlarına fövqəladə hallar zamanı görülməli tədbirlər, təhlükəsiz təxliyə qaydaları və yanğın zamanı davranış prinsipləri izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Praktiki mərhələdə isə şərti yanğınla bağlı həyəcan siqnalı verildikdən sonra Ağsu Rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Kürdəmir və Göyçay rayonlarının yanğından mühafizə bölmələrinin qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər qısa müddətdə əraziyə çataraq şərti alovun lokallaşdırılması və söndürülməsi istiqamətində əməliyyat aparıblar.
Ssenariyə uyğun olaraq müəssisə işçiləri təhlükəsiz əraziyə təxliyə edilib, şərti xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib və yanğının tam söndürülməsi təmin olunub.
Təlim başa çatdıqdan sonra görülən işlər təhlil edilib, nəticələr qiymətləndirilib və gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verilib.












