Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsin məhkəməsi başa çatıb.
Xəbər Yerində xəbər verir ki, hadisəni törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Pərviz Bayramlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmədə məlum olub ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Qadın bundan sonra atasının evinə gedib.
Pərviz isə onun ardınca həmin ünvana gedib. Qohumlarının gözü qarşısında həyat yoldaşına hücum edən şəxs qadını yerə yıxaraq boğmağa başlayıb.
Qadının huşunu itirib hərəkətsiz qaldığını görən Pərviz onun öldüyünü düşünüb və hadisə yerindən ayrılıb.
Hadisə nəticəsində qadının hər iki gözünün konyunktival qişasında qansızma, boynun ön hissəsində qançır və sağ said nahiyəsində sıyrıq xəsarətləri yaranıb.
Pərviz daha sonra polis şöbəsinə gedərək həyat yoldaşını öldürdüyünü bildirib və təslim olub.
Bu zaman qadının anası təcili tibbi yardıma müraciət edib. Həkimlərin müdaxiləsi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Məhkəmə araşdırmasının sonunda Pərviz Bayramlıya 11 il 3 ay həbs cəzası verilib.
Mənbə: Qafqazinfo

