Lamine Yamalın atası xəstəliyinə görə Dünya Kubokunu evdən izləyir
İspaniya millisinin gənc ulduzu Lamine Yamalın Dünya Kubokundakı çıxışı böyük diqqətlə izlənilir. Futbolçunun anası Sheila Ebana, kiçik qardaşı Keyne və yaxınları onu tribunadan dəstəkləsələr də, atası Mounir Nasraouinin oyunlarda görünməməsi diqqət çəkib.
Mounir Nasraoui bunun səbəbini açıqlayaraq epilepsiya xəstəsi olduğunu bildirib. O, xəstəliyi səbəbindən uzun səfərlər edə bilmədiyini və mütəmadi dərman qəbul etdiyini deyib.
“Epilepsiya tutması keçirə bilərəm. Gərginlik və emosiyalar buna səbəb ola bilər. Ətrafımdakı insanlara problem yaratmamaq üçün evdə qalaraq hər şeyi izləməyin daha doğru olduğunu düşünürəm. Oğlumun bir də məni düşünməsini istəmirəm”, – deyə Nasraoui bildirib.
O əlavə edib ki, ən böyük arzusu oğlunun Dünya Kubokunu qaldırdığını görməkdir.
Cucurella oğlunun hekayəsindən danışarkən göz yaşlarını saxlaya bilmədi
Dünya Kubokunda İspaniya millisinin əsas simalarından biri olan Mark Kukurellanın aylar əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib.
Futbolçu autizm mövzusunda yayımlar hazırlayan gənc aparıcı Pau Brunetin proqramında oğlu Mateo ilə bağlı sualı cavablandırarkən emosional anlar yaşayıb.
“Oğlunun sənə hədiyyə etdiyi və səni xoşbəxtlikdən ağladan ən xüsusi an hansı olub?” sualına cavab verən Kukurella, oğlu üçün bəzən nə edə biləcəyini bilmədiyi çətin anlardan danışıb və göz yaşlarını saxlaya bilməyib.
Kukurella və həyat yoldaşı Klaudia Rodriges daha əvvəl də bildiriblər ki, oğulları Mateo üçün məktəbdə və ətraf mühitdə kifayət qədər dəstək tapmaqda çətinlik çəkiblər. Onlar həmin dövrdə yaşadıqları çarəsiz anları bölüşüblər.
Bu görüntülər Mark Kukurellanın yalnız futbolçu kimi deyil, həm də həyatın çətinlikləri ilə mübarizə aparan bir ata kimi diqqət çəkdiyini göstərib.
Mənbə: Hüriyyet

