Xəbər Yerində xəbər verir ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma həyata keçirən daşıyıcılar üçün yeni ödəniş sisteminin tətbiqinə başlanılıb.
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli qərarı ilə təsdiqlənən qaydalara əsasən, “brutto müqavilə” modelinə keçid edilir. Yeni sistemdə daşıyıcılara sərnişin sayından asılı olaraq deyil, qət etdikləri məsafəyə və göstərdikləri xidmətin keyfiyyətinə uyğun subsidiya ödəniləcək.
Bu model çərçivəsində marşrutlar üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yeni sistemdə daşıyıcı şirkətlərin gəliri sərnişin sayından birbaşa asılı olmayacaq. Onlar sərnişin sayından asılı olmayaraq müəyyən edilmiş qrafikə uyğun işləməli və keyfiyyətli xidmət göstərməlidirlər.
Ekspertin sözlərinə görə, sistemin əsas məqsədi avtobusların daha çox hərəkət etməsini və xidmət keyfiyyətinin yüksəldilməsini təmin etməkdir.
Gediş haqqının artırılması ehtimalına gəlincə, E.Cəfərov bildirib ki, hazırda bununla bağlı hər hansı rəsmi qərar yoxdur. Gələcəkdə ödənişin məsafə və vaxta əsasən hesablanması məsələsi müzakirə olunsa da, bununla bağlı konkret plan hazırlanmayıb.
Yeni modelin avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, həmçinin texniki xidmət və sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılmasına imkan verəcəyi gözlənilir.
Mənbə: Oxu.az

