Azərbaycanda daha bir DOST mərkəzi fəaliyyətə başlayıb.
Xeber Yerinde Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, Naxçıvan Regional DOST Mərkəzində vətəndaşlara 164 növ sosial xidmət göstəriləcək. Mərkəzdə 117 işçi və 50 könüllünün fəaliyyət göstərməsi, gün ərzində isə orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur.
Xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub. Vətəndaşlar pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərdən vahid məkanda yararlana biləcəklər.
Mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası aparılacaq, onlar fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təmin ediləcək. Həmçinin reabilitasiya xidmətlərindən yararlanmaq üçün ixtisaslaşmış müəssisələrə göndərişlər rəsmiləşdiriləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan yüksək texnologiyalı protezlərlə də tanış olublar.
Qeyd olunub ki, indiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim edilib. Bundan başqa, yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər nəticəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının genişləndirilməsi nəticəsində onların istifadəsinə verilən reabilitasiya vasitələrinin çeşidi 57-dən 130-a çatdırılıb. Təkcə bu ilin əvvəlindən etibarən əlilliyi olan şəxslər 300 minədək müxtəlif reabilitasiya vasitəsi ilə təmin olunub.
Mərkəzdə həssas qruplardan olan şəxslərin hazırladığı müxtəlif əl işlərindən ibarət sərgi də təşkil olunub. Bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj və floristika nümunələrinin yer aldığı sərgidə hazırlanan məhsulların “dostart.az” portalı vasitəsilə onlayn satışının həyata keçirildiyi bildirilib.
Prezidentə və birinci xanıma Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim olunub.
Bildirilib ki, hazırda əlilliyi olan şəxslərə 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə 20 istiqamətə çatdırılması planlaşdırılır.
Məlumata görə, DOST mərkəzlərində indiyədək vətəndaşlara 4,6 milyon sosial xidmət göstərilib. Xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz təşkil edib.
Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzindən, həmçinin 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.












