Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın enerji təminatı ilə bağlı məsələlərdən danışarkən bölgənin gələcəkdə yalnız öz tələbatını ödəməyəcəyini, həm də elektrik enerjisi ixrac edəcəyini açıqlayıb.
Dövlət başçısı avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, muxtar respublikanın enerji təhlükəsizliyi artıq təmin olunub.
“İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq”, – deyə Prezident vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Naxçıvanın Günəş enerjisi potensialı xüsusilə böyükdür. Onun sözlərinə görə, bölgədə Günəş elektrik enerjisinin istehsalı üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə layihələrin sayı artırılacaq.
Prezident bildirib ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda ən azı 500 MVt gücündə ola bilər. Bu göstəricinin gələcəkdə 1000 MVt-a çatması da istisna edilmir.
Dövlət başçısının sözlərinə görə, burada əsas məsələlərdən biri istehsal olunan enerjinin ixrac imkanlarının genişləndirilməsidir. Bunun üçün ötürücü xətlərin imkanlarının artırılması nəzərdə tutulur.
Hazırda Naxçıvandan Türkiyə və İrana elektrik enerjisi xətləri mövcuddur. Gələcəkdə isə enerjinin Avropaya çıxarılması imkanlarının da yarana biləcəyi bildirilir.
İlham Əliyev həmçinin Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olduğunu açıqlayıb. Bildirib ki, Cəbrayıl rayonunda bu məqsədlə böyük yarımstansiya artıq inşa edilib.
Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolundan ibarət olmayacaq. Buradan gələcəkdə fiber-optik kabellər, elektrik xətləri və ehtiyac yaranarsa, neft-qaz kəmərlərinin də keçməsi mümkündür.
“Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır”, – deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev vurğulayıb ki, Naxçıvanda dayanıqlı və sığortalı enerji sistemi faktiki olaraq yaradılıb və əsas hədəflərdən biri ixrac imkanlarının daha da genişləndirilməsidir.

