“Meta”da çalışan azərbaycanlıdan süni intellektlə bağlı AÇIQLAMA
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Meta”da çalışan azərbaycanlı mütəxəssis Aqşin Nəbiyev süni intellektin gələcəkdə əmək bazarına təsiri, şirkətdə iş şəraiti və beynəlxalq texnologiya şirkətlərində karyera imkanları barədə danışıb.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaş rayonunda böyüyən, Bakıda təhsil alan Aqşin Nəbiyev artıq altı ildir Londonda yaşayır. O, hazırda “Meta”nın məlumat mərkəzlərinin idarə olunması departamentində baş proqram mühəndisi vəzifəsində çalışır.
Aqşin Nəbiyev Azərbaycanda 10 il İT sahəsində fəaliyyət göstərdikdən sonra Polşaya, daha sonra isə Niderlandın Amsterdam şəhərinə köçüb. Orada işlədiyi müddətdə “Meta”dan müsahibəyə dəvət alıb və sonradan Londonda çalışmağa başlayıb.
“Meta”da iş şəraiti və rəqabət
Mütəxəssis bildirib ki, “Meta”da iş günü adətən saat 10:00-11:00 radələrində başlayır. Əməkdaşlar əvvəlcə elektron məktubları və mesajları yoxlayır, sistemlərdə hər hansı problemin olub-olmadığını araşdırırlar. Daha sonra proqram kodları nəzərdən keçirilir, həmkarların qarşılaşdıqları çətinliklərin həllinə kömək göstərilir və yeni kodlar yazılır.
Günün ikinci yarısı əsasən iclaslara və gələcək layihələrin planlaşdırılmasına həsr olunur. Onun sözlərinə görə, şirkətdə iş saatları kifayət qədər çevikdir və əməkdaşlar əsasən iclaslarda iştirak etməklə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.
Aqşin Nəbiyev “Meta”da rəqabətin çox güclü olduğunu vurğulayıb. Bildirib ki, əməkdaşların nəticələri komanda yoldaşlarının göstəriciləri ilə müqayisədə qiymətləndirilir. Ən aşağı nəticə göstərən 10-15 faiz əməkdaşın işdən çıxarılması və onların yerinə daha istedadlı şəxslərin cəlb olunması mümkün ola bilər.
“Meta”ya qəbul prosesi necədir?
Mütəxəssisin sözlərinə görə, şirkətə işə qəbul müsahibəsi müraciət edilən vəzifədən asılı olaraq, çox vaxt altı-yeddi mərhələdən ibarət olur.
O bildirib ki, namizədin hansı universiteti bitirməsi daha çox iş təcrübəsi olmayan şəxslər üçün əhəmiyyət daşıyır. Təcrübəli mütəxəssislər üçün isə əsas meyar onların bilikləri və iş nəticələridir.
Aqşin Nəbiyevin sözlərinə görə, “Meta”da qərarların qəbulunda mühəndislər mühüm rol oynayırlar. O, bu yanaşmanın digər şirkətlərdə rast gəlinən ənənəvi idarəetmə modelindən fərqləndiyini qeyd edib.
Süni intellekt hansı peşələri əvəz edə bilər?
Aqşin Nəbiyev süni intellektin onun gündəlik işinə həm müsbət, həm də mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, əvvəllər mühəndislərdən kod yazmaq tələb olunurdusa, indi bu işin bir hissəsini süni intellektə həvalə etmək mümkündür. Bununla yanaşı, əməkdaşlardan daha yüksək məhsuldarlıq və daha çox faydalı iş gözlənilir.
Mütəxəssis hesab edir ki, süni intellekt texnologiya sahəsində çalışan insanlara tələbatı azalda bilər. Xüsusilə yalnız kod yazmaqla məşğul olan mütəxəssislər üçün vəziyyət çətinləşə bilər.
O qeyd edib ki, “Meta” və “Google” kimi böyük şirkətlərdə işin təxminən 10-15 faizi kod yazmaqdan ibarətdir. Əsas fəaliyyət isə qərarların qəbul edilməsi, problemlərin müəyyənləşdirilməsi, prioritetlərin seçilməsi və həll yollarının digər əməkdaşlarla razılaşdırılması ilə bağlıdır.
Aqşin Nəbiyevin fikrincə, ciddi düşünmə, məntiqi təhlil, qərarvermə və yaradıcılıq tələb edən işlərdə insanlara ehtiyac qalacaq. O, süni intellektin bir çox işləri əvəz edəcəyini, lakin bütün fəaliyyət sahələrində insanı əvəz edə bilməyəcəyini düşünür.
Mütəxəssis, həmçinin “OpenAI” və “Anthropic” kimi şirkətlərin süni intellektin gələcəyi ilə bağlı açıqlamalarını qiymətləndirərkən onların investorları bu sahəyə böyük vəsait yatırmağa inandırmaq marağını da nəzərə almağın vacib olduğunu bildirib.
Azərbaycanlı gənclərə tövsiyə
Aqşin Nəbiyev beynəlxalq texnologiya şirkətlərində çalışmaq istəyən gənclərə ilk növbədə seçdikləri ölkənin və şirkətin tələblərini araşdırmağı tövsiyə edib.
Onun sözlərinə görə, internetdə işə qəbul müsahibələrinə hazırlıq, verilən suallar və namizədlərdən gözlənilən bacarıqlar barədə kifayət qədər məlumat var. Gənclər bu imkanlardan istifadə edərək özlərini inkişaf etdirməlidirlər.
Aqşin Nəbiyev bildirib ki, vaxtilə Azərbaycandan kənarda yaşamağın və dünyanın aparıcı texnologiya şirkətlərindən birində çalışmağın mümkün olduğunu düşünməyib. Lakin öz təcrübəsi ona bu məqsədə çatmağın mümkünlüyünü göstərib.
O, Azərbaycanda yaşayan gənclərin böyük hədəflər qarşısına qoymalarının, davamlı çalışaraq öz bilik və bacarıqlarını inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.

