Xəbər Yerində xəbər verir ki, “AzerGold” QSC ilə Qırğızıstanın “Kyrgyzaltyn” ASC-si arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı görüş keçirilib.
Bişkekdə baş tutan görüşdə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn”ın rəhbəri Kubat Abdraimov iştirak ediblər.
Tərəflər 31 iyul 2026-cı ildə Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn məsələləri müzakirə ediblər. Həmçinin geoloji kəşfiyyat, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi, hasilat və emal istiqamətlərində birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.
Zakir İbrahimov “AzerGold”un geoloji kəşfiyyat və dağ-mədən sahəsində təcrübəsi barədə məlumat verib. Şirkətin Mərkəzi Asiyada birgə kəşfiyyat və dağ-mədən layihələrinin həyata keçirilməsi imkanlarını araşdırdığı bildirilib.
Görüşdə perspektivli yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya imkanları, geoloji kəşfiyyat nəticələrinin qiymətləndirilməsi və layihələrin maliyyələşdirilməsi məsələləri də müzakirə olunub.
“Kyrgyzaltyn” rəhbərliyi Azərbaycan tərəfinin əməkdaşlıq təklifini müsbət qarşıladığını bildirib. Sonda tərəflər müzakirələri davam etdirmək və qarşılıqlı maraq doğuran istiqamətlərdə praktiki layihələr həyata keçirmək barədə razılığa gəliblər.




