Türkiyəli jurnalist və siyasi şərhçi Erdem Atay Ankara ilə Bakı arasında son günlər yaşanan gərginliklə bağlı diqqətçəkən açıqlamalar verib. O, iki ölkə arasındakı münasibətlərə təsir edən amilləri təhlil edərək Ankarada Azərbaycanın səfirliyi qarşısında keçirilən aksiyaları tənqid edib.
“Xəbər Yerində” “Musavat.com”a istinadən xəbər verir ki, Atayın fikrincə, məsələ təkcə ayrı-ayrı şəxslərin və təşkilatların fəaliyyəti ilə bağlı deyil, həm də iki ölkənin münasibətlərinə təsir göstərən siyasi yanaşmalardan qaynaqlanır.
İsrail amili münasibətlərə təsir edir
Jurnalist Azərbaycan-Türkiyə münasibətlərində İsrail amilinin də mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, hər iki ölkənin İsraillə müəyyən əlaqələri mövcuddur və bu məsələdə qarşılıqlı mövqelər nəzərə alınmalıdır.
Atay qeyd edib ki, Azərbaycanın Türkiyənin İsraillə münasibətlərinin mahiyyətindən xəbərsiz olması mümkün deyil. O, iki ölkənin kəşfiyyat qurumlarının da eyni istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb.
Azərbaycan səfirliyi qarşısındakı aksiyalara etiraz
Türkiyəli jurnalistin diqqət çəkdiyi əsas məsələlərdən biri Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında dəfələrlə etiraz aksiyalarının keçirilməsidir.
Atay diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə belə aksiyalara icazə verilməsini qəbuledilməz hesab edib. Onun fikrincə, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir.
Jurnalist Azərbaycan səfirliyinin qarşısında polis və hərbçilərin təhlükəsizliyi təmin etmək üçün xidmət aparmaq məcburiyyətində qalmasını da sual altına alıb.
O, Prezident İlham Əliyevin Türkiyəyə səfərdən imtina etməsindən sonra aksiyanın ləğv olunmasına da diqqət çəkərək bunun arxasında hansı məqsədin dayandığını sorğulayıb.
Atay bildirib ki, Türkiyə və Azərbaycanın daha sıx münasibətlər qurması və türk birliyinin möhkəmlənməsi hər iki tərəf üçün əhəmiyyətli olmalıdır.
Özgür-Der-in fəaliyyəti tənqid edildi
Erdem Atay xüsusilə Özgür Düşünce ve Eğitim Hakları Derneğinin (Özgür-Der) fəaliyyətini tənqid edib. O, təşkilatın İsrailin siyasətinə etiraz etmək niyyətində olduğu halda, aksiyalar üçün məhz Azərbaycanın səfirliyi qarşısını seçməsinin məntiqini sorğulayıb.
Jurnalist ABŞ və Fransa səfirlikləri qarşısında da oxşar etirazların keçirilib-keçirilmədiyinə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ İsrailin həyata keçirdiyi siyasətə görə məsuliyyət daşıdığı halda, etirazların yalnız Azərbaycan diplomatik nümayəndəliyi qarşısında keçirilməsi suallar yaradır.
Atay Ermənistanın qondarma soyqırımı iddialarının İsrail tərəfindən tanınması məsələsində Azərbaycanın mövqeyini də xatırladıb.
“Azərbaycanın daxili işlərinə müdaxilə edirsiniz”
Türkiyəli jurnalist Türkiyədəki ictimai-siyasi problemlərə münasibətdə susan bəzi dairələrin Azərbaycanın daxili məsələlərinə müdaxilə etməsini də tənqid edib.
O, Azərbaycanın səfirliyi qarşısında səkkiz dəfə aksiya keçirildiyini bildirərək, etirazçıların Türkiyənin öz problemlərinə münasibətdə susduqlarını, lakin Azərbaycanın daxili məsələlərinə müdaxilə etdiklərini iddia edib.
Atay çıxışının sonunda bu cür fəaliyyətlərin türk dünyasının birliyinə zərər vurduğunu və İsrailin maraqlarına xidmət etdiyini irəli sürüb.

