Xəbər Yerində Türkiyənin A Haber telekanalına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısında çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinə toxunub.
Ərdoğan Azərbaycanın Ermənistanla apardığı təmasları dəstəklədiklərini və regionda davamlı sülhün təmin olunması üçün Türkiyənin öz töhfəsini verməyə davam edəcəyini bildirib.
“Azərbaycanlı qardaşlarımızın Ermənistanla apardığı təmasları dəstəkləyir, davamlı sülh üçün əlimizdən gələn töhfəni verməyə davam edəcəyimizi bildirirəm”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Cənubi Qafqazda sülh Türk dünyası üçün də əhəmiyyətlidir
Ərdoğan qeyd edib ki, sülh və sabitliyin hökm sürdüyü Cənubi Qafqaz region ölkələri ilə yanaşı, bütövlükdə Türk dünyası üçün də mühüm imkanlar yaradacaq.
Onun sözlərinə görə, regionda baş verən münaqişələr heç bir tərəfə fayda vermir, əksinə, qlobal iqtisadiyyat, ticarət və enerji bazarlarına ciddi təsir göstərir.
Türkiyə lideri İranla son dövrlərdə yenidən artan gərginliyin silahlar əvəzinə diplomatiya yolu ilə həll olunmasını arzuladığını da bildirib.
Türk dünyasında birlik mesajı
Ərdoğan çıxışında Türk dövlətləri arasında birliyin və həmrəyliyin gücləndirilməsinə də xüsusi diqqət çəkib.
O, Türk dünyasının ortaq gələcəyinin qurulması üçün dil, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Türk dünyasının ailə fotosunda ayrılığa, ixtilafa yer yoxdur. Hamımız birik, birlikdəyik, əzəldən əbədə qədər, inşallah, qardaşıq”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə keçirilən TDT-nin 13-cü Zirvə toplantısında təşkilatın gələcək fəaliyyət istiqamətləri, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub. Türkiyə təşkilatın dövrü sədrliyini Azərbaycandan təhvil alıb.

