Bakı metrosuna 302 milyon dollardan çox kredit ayrılır

Bakı metrosuna 302 milyon dollardan çox kredit ayrılır

Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində siqnalizasiya sisteminin yenilənməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, layihənin əsas məqsədi paytaxt metrosunda təhlükəsizliyi və etibarlılığı artırmaq, xidmətlərin səmərəliliyini yüksəltmək, eləcə də genişlənən metro şəbəkəsinin daha effektiv fəaliyyətini təmin etməkdir.

Bakı metrosunda hansı dəyişikliklər olacaq?

Layihə Azərbaycan hökumətinin ümumi dəyəri 2,6 milyard ABŞ dolları olan Bakı Metropoliteninin genişləndirilməsi proqramının tərkib hissəsidir. Proqram çərçivəsində 9 yeni stansiyanın və 2 deponun tikintisi, 20 kilometr uzunluğunda yeni tunellərin inşası, əlavə 300 metro vaqonunun alınması və əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur.

Bu tədbirlərlə metro xidmətlərinin əhatə dairəsinin və sərnişindaşıma imkanlarının genişləndirilməsi, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənir.

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib ki, qabaqcıl siqnalizasiya texnologiyalarının və inteqrasiya olunmuş rəqəmsal sistemlərin tətbiqi metro xidmətlərinin təhlükəsizliyini və etibarlılığını artıracaq.

Qatarlar daha qısa intervallarla hərəkət edə bilər

Layihə çərçivəsində mövcud siqnalizasiya sisteminin müasir, rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəzlənməsi və əməliyyatların idarəetmə mərkəzinin təkmilləşdirilməsi planlaşdırılır.

İnvestisiya nəticəsində pik saatlarda qatarların hərəkət intervallarının qısaldılması, xidmətlərdə fasilələrə səbəb ola biləcək əməliyyat hadisələrinin minimuma endirilməsi və sərnişin təhlükəsizliyinin gücləndirilməsi gözlənilir.

Bununla yanaşı, korporativ fəaliyyət, aktivlərin idarə edilməsi, kibertəhlükəsizlik, sərnişinlərin məlumatlandırılması və sərnişin sıxlığının tənzimlənməsi üçün vahid rəqəmsal sistemlər tətbiq olunacaq. Yeni sistemlər yenilənmiş məlumat mərkəzləri və təhlükəsiz şəbəkə infrastrukturu ilə təmin ediləcək.

Bu dəyişikliklər Bakı Metropoliteninə texniki xidmət və qərarvermə proseslərini təkmilləşdirmək, əməliyyat məlumatlarından daha səmərəli istifadə etmək və enerji səmərəliliyini artırmaq imkanı verəcək.

Qadınların texniki sahələrdə təmsilçiliyi artırılacaq

Layihə çərçivəsində Bakı Metropoliteni QSC-nin institusional imkanlarının və rəqəmsal potensialının gücləndirilməsi üçün texniki təlimlər keçiriləcək, kadr hazırlığına xüsusi diqqət yetiriləcək.

İşə qəbul, təlim, sertifikatlaşdırma və karyera inkişafı tədbirləri vasitəsilə qadınların texniki və rəqəmsal sahələrdə daha geniş təmsil olunması da təşviq ediləcək.

Layihənin ümumi dəyəri 515 milyon dollardan çoxdur

Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsinin ümumi dəyəri təxminən 515,07 milyon ABŞ dolları təşkil edir.

Maliyyələşdirmə çərçivəsində Asiya İnkişaf Bankının 302,38 milyon dollar kredit ayırması təsdiqlənib. Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon dollar həcmində birgə maliyyələşdirmə həyata keçirməsi, Azərbaycan hökumətinin isə 132,71 milyon dollar ayırması gözlənilir.

Qeyd edək ki, dövlətə məxsus Bakı Metropoliteni QSC paytaxtın əsas ictimai nəqliyyat qurumlarından biridir. Metropoliten təxminən 41 kilometrlik dəmir yolu xətti boyunca 27 stansiyaya xidmət göstərir. 2025-ci ildə metro ilə təxminən 220,4 milyon sərnişin daşınıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir