Bakı–Tbilisi marşrutu üzrə istifadəyə verilən əlavə gündüz qatar reysi ilk gündən sərnişinlərin böyük marağına səbəb olub.
Xəbər Yerində “Azərtac”a istinadən xəbər verir ki, bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı–Tbilisi istiqamətində əlavə reysi 100 faiz doluluqla yola düşüb.
ADY-dən bildirilib ki, sərnişinlər yeni marşrut üzrə səfərə böyük maraq göstəriblər.
Qeyd edək ki, noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar reyslərinin sayı 2-dən 4-ə çatdırılıb. Bununla da sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksəlib. Bu isə təxminən 50 faiz artım deməkdir.
Yeni reyslər sərnişinlərə gündüz saatlarında da səyahət etmək imkanı yaradır. Belə ki, qatarlar hər gün Bakıdan saat 23:10 və 09:10-da, Tbilisidən isə 11:00 və 22:00-da yola düşəcək.
Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edir.

