Xəbər Yerində xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə sərnişin tələbatının artması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə hər gün 4 reys həyata keçiriləcək.
Sərnişin yerlərinin sayı artırılır
Əlavə reyslərin istifadəyə verilməsi ilə marşrut üzrə sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksəldiləcək. Bu, sərnişin tutumunun təxminən 50 faiz artırılması deməkdir.
Yeni reyslər sərnişinlərə daha münasib qiymətə səyahət imkanı da yaradacaq. Belə ki, əlavə reyslərdə standart sinif üzrə, yəni əvvəlki plaskart vaqonlarda biletlərin qiyməti 36 AZN-dən başlayacaq.
Bu seçimlə sərnişinlər əvvəlki qiymətlərlə müqayisədə təxminən 30 faiz daha ucuz səyahət edə biləcəklər.
Bakı–Tbilisi istiqamətində bir istiqamət üzrə minimum gediş haqqı belə olacaq:
- Bakıdan Tbilisiyə – 54 AZN
- Yevlaxdan – 44 AZN
- Gəncədən – 41 AZN
- Ağstafadan – 38 AZN
- Böyük Kəsikdən Tbilisiyə – 36 AZN
Müqayisə üçün bildirək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56,80 AZN təşkil edir.
Biletlərin satışı nə vaxt başlayır?
Əlavə reyslərə biletlərin satışına oktyabrın 2-dən başlanılacaq.
Yeni reyslərin tətbiqi ilə gecə səfərləri ilə yanaşı, sərnişinlərə gündüz səyahət etmək imkanı da yaradılacaq. Beləliklə, sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər vaxtını öz planlarına uyğun seçə biləcəklər.
Qatarların hərəkət saatları
Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı Bakıdan saat 23:00-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.
Qatar Tbilisidən saat 11:00-da geri hərəkət edəcək və saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Əlavə reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və saat 19:11-də Tbilisiyə çatacaq.
Əks istiqamətdə qatar Tbilisidən saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.
Onlayn bilet alışı ilə bağlı yeni qaydalar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet satışının təkmilləşdirilməsi və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni qaydalar tətbiq edilir.
ADY-nin veb-saytında və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinet məlumatlarını “MyGov ID” vasitəsilə verifikasiya etməlidirlər.
Bu dəyişiklik sərnişinlərin maraqlarının qorunmasına və onlayn bilet alışının daha etibarlı təşkilinə yönəlib.
Şəxsi kabinet sahibləri müvafiq bölməyə FİN kodunu daxil etdikdən sonra tələb olunan məlumatlar sistemdə əks olunacaq. Bilet almaq üçün şəxsi kabinetin verifikasiyasının tamamlanması məcburidir.
Xarici ölkə vətəndaşları isə müvafiq bölmədə vətəndaşı olduqları ölkənin adını və həmin ölkəyə məxsus telefon nömrəsini qeyd etməlidirlər.
Telefon nömrəsi SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləndikdən sonra şəxsi məlumatları dəyişmək mümkün olacaq.
Bundan əvvəl sistemdə qeydiyyatdan keçmiş istifadəçilər də bilet almaq üçün telefon nömrələrini OTP vasitəsilə təsdiqləməlidirlər.
Əlavə reyslərin istifadəyə verilməsi
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflər arasında uzun müddət davam edən birgə hazırlıq, texniki və təşkilati işlərin başa çatdırılmasından sonra mümkün olub.
ADY beynəlxalq sərnişin daşımalarında xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması və artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

