Bakıda AQEM Media Forumu keçirilib

Bakıda AQEM Media Forumu keçirilib

Xəbər Yerində xəbər verir ki, oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

AQEM Baş katibi: Azərbaycanın töhfələri bariz şəkildə görünür

AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında Azərbaycanın AQEM çərçivəsində bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələrin, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələrin aydın şəkildə müşahidə edildiyini bildirib.

Onun sözlərinə görə, geosiyasi gərginlik, iqlim problemləri və iqtisadiyyat üzərindəki təzyiqlər fonunda belə bir Forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, bu cür tədbirlər anlaşmaya imkan yaradan və onu möhkəmləndirən körpülərin qurulmasına xidmət edir.

Kayrat Sarıbay vurğulayıb ki, AQEM-ə üzv dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi media peşəkarları arasında əlaqələrin genişləndirilməsi ilə müşayiət olunmalıdır.

Baş katibin fikrincə, Media Forumu təmasların inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və AQEM-in təşəbbüslərinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm imkan yaradır.

Xələf Xələfov: Peşəkar medianın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır

Forumda çıxış edən Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar medianın fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsi media sahəsində də əlaqələndirilmiş səylər tələb edir.

Xələf Xələfov bildirib ki, Azərbaycan sədrliyinin gündəliyində media sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biridir.

Açılış mərasimindən sonra Forum işini “Qütbləşmiş dünyada media vasitəsilə etibarın qurulması” mövzusunda panel iclası ilə davam etdirib.

Saməddin Əsədov: Əlaqələrin daha da möhkəmlənməsinin şahidi olacağıq

Panel iclasında çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov əlaqələrin və münasibətlərin daha da möhkəmlənməsinin şahidi olacağımızı bildirib.

Etimad quruculuğu tədbirlərinin əhəmiyyətindən danışan nazir müavini qeyd edib ki, bu tədbirlər nəqliyyat dəhlizləri boyunca da öz əksini tapmalı və möhkəmlənməlidir.

Onun sözlərinə görə, bu istiqamətdə iqtisadi inteqrasiyanı daha da dərinləşdirmək və ölkələr arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq mümkündür.

Saməddin Əsədov çoxşaxəli təşəbbüslərin irəli sürüldüyünü və onların həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

RTÜK sədri: AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti artır

Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Mehmet Daniş qarşılaşılan qlobal çağırışların yaratdığı çətinlik və qeyri-müəyyənliklərin beynəlxalq münasibətlərdə çoxtərəfliliyə olan inamın zəifləməsinə səbəb olduğunu bildirib.

O qeyd edib ki, məhz bu səbəbdən AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti artır.

Mehmet Danişin sözlərinə görə, müasir dövrün qarşısında duran məsələlərin demək olar ki, heç biri yalnız birtərəfli iradə ilə həll edilə bilməz.

Rəqəmsallaşma və qadınların imkanları müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova rəqəmsallaşmanın qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai iştirak imkanlarını genişləndirdiyini bildirib.

O, eyni zamanda qadınların rəqəmsal təhlükəsizliyinin təmin olunmasının zəruriliyini vurğulayıb.

Sədaqət Qəhrəmanovanın fikrincə, qadınların yalnız texnologiyalardan istifadə edən tərəf kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin fəal iştirakçıları kimi təmsil olunması inklüziv və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılmasının əsas şərtlərindəndir.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov isə Azərbaycanın müxtəlif qitələri birləşdirən mühüm coğrafi məkanda yerləşdiyini söyləyib.

O bildirib ki, beynəlxalq təhlükəsizlik sahəsində baş verən böhranlar hadisələrin proqnozlaşdırılmasını daha da çətinləşdirir. Buna görə də regional səviyyəli məsələlərin əhəmiyyəti getdikcə artır.

Panel iclasında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Medianın sosial birlikdə rolu müzakirə edilib

Forum çərçivəsində “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda da panel iclası keçirilib.

ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən iclasda Pakistanın Federal Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vaciha Qamar çıxış edib.

O bildirib ki, qütbləşmənin dərinləşdiyi müasir dünyada media cəmiyyətlər arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.

Vaciha Qamarın sözlərinə görə, media artıq yalnız informasiya mənbəyi deyil. O, həmçinin ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə təsir göstərən əsas vasitələrdən biridir.

Nazir bu təsirin jurnalistikanın üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib.

Ortaq informasiya və mədəniyyət layihələri təklif olunub

Özbəkistan Prezident Administrasiyasının nəzdində Kütləvi İnformasiya Vasitələri üçün Məzmun İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov media sahəsində bu cür görüşlərin daha çox keçirilməsinin vacibliyini bildirib.

O, media təşkilatlarının rolunun xüsusi qəbul edilməli olduğunu vurğulayıb.

Kobuljon Əhmədov qeyd edib ki, media qurumları siyasi hadisələrlə yanaşı, insanların yaşadığı tarix, daşıdığı mədəniyyət, aldığı təhsil, yaratdığı və qoruduğu ənənələr, ortaq layihələr və əldə edilən uğurlar barədə məlumatların auditoriyaya çatdırılması baxımından mühüm vasitədir.

Onun sözlərinə görə, ölkələr arasında peşəkar əməkdaşlıq yaradılmalı, bu prosesə media sahəsinin peşəkarları cəlb edilməlidir. Eyni zamanda, ortaq informasiya və mədəniyyət layihələrinin həyata keçirilməsi də vacibdir.

Süni intellekt medianın qarşısında yeni imkanlar və risklər yaradır

Fələstin Dövlətinin Qazaxıstandakı səfiri Montaser Abu Zeid bildirib ki, müasir çağırışlara sürətlə inkişaf edən süni intellekt texnologiyaları ilə bağlı yeni məsələ də əlavə olunub.

Onun sözlərinə görə, süni intellekt informasiya təhlili, faktların yoxlanılması, biliklərə çıxış imkanlarının genişləndirilməsi və informasiyanın daha sürətli yayılması baxımından jurnalistika üçün geniş imkanlar yaradır.

Səfir eyni zamanda süni intellektin yeni risklər də yaratdığını bildirib. Bunlara yanlış və manipulyativ məlumatların yayılması, saxta foto və videoların hazırlanması, eləcə də ictimai rəyin manipulyasiyası daxildir.

Montaser Abu Zeid bu səbəbdən şəffaflığın və insan nəzarətinin təmin edilməsinin, həmçinin jurnalistikanın peşəkar və etik standartlarına ciddi əməl olunmasının vacibliyini vurğulayıb.

İordaniya Haşimilər Krallığının Hökumətlə Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvayseh isə informasiya prosesinin ictimai müzakirələrin zənginləşdirilməsinə xidmət etməli olduğunu bildirib.

O qeyd edib ki, informasiya insanlarda qorxu yaratmağa, həqiqətləri təhrif etməyə və ictimai rəyi manipulyasiya etməyə yönəlməməlidir.

Zaid Əl-Nəvayseh süni intellekt texnologiyalarının və saxta foto, video və audio materialların hazırlanmasına imkan verən “deepfake” alətlərinin sürətli inkişafının yeni çağırışlar yaratdığını deyib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının hər yeni inkişaf mərhələsi saxta məzmunun müəyyənləşdirilməsi və manipulyasiyaların qarşısının alınması üçün daha səmərəli üsulların tətbiqini tələb edir.

AQEM məkanında etimadın möhkəmləndirilməsi müzakirə olunub

Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnogoyeva Forumun mövzusunun əhəmiyyətini qeyd edib.

O bildirib ki, dünya artan qütbləşmə ilə üzləşir. Bu baxımdan media ictimaiyyəti qarşısında dayanan əsas vəzifələrdən biri etimad yaradan, cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa şərait yaradan vasitə kimi çıxış etməkdir.

Salkın Sarnogoyeva AQEM coğrafiyasında etimadın yaradılmasının və möhkəmləndirilməsinin ortaq məsuliyyət olduğunu bildirib.

O, dezinformasiyanın və informasiya müharibələrinin geniş yayıldığı bir dövrdə jurnalistləri və digər peşəkarları bir araya gətirməyin, əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.

Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Taveak Amida isə etibarlı medianın müxtəlif fikirlərin ifadə olunması üçün imkan yaratdığını bildirib.

Onun sözlərinə görə, sosial həmrəylik və dialoq bütün insanların eyni fikirdə olmasını tələb etmir. Əsas məsələ müxtəlif baxışları yoxlanılmış məlumat və qarşılıqlı hörmət əsasında qiymətləndirmək bacarığıdır.

Prak Taveak Amida xüsusilə emosiyaların yüksək olduğu məqamlarda məsuliyyətli və hörmətli kommunikasiyanın mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, media belə vəziyyətlərdə ortaq məxrəc tapmağa çalışmalıdır.

Panel iclası mövzu ətrafında müzakirələrlə davam edib.

AQEM Media Forumuna yekun vurulub

Bununla da Media Forumunun işinə yekun vurulub.

Qeyd edək ki, ilk AQEM Media Forumu üzv dövlətlərin hökumət nümayəndələrini, media və kommunikasiya sahəsinə məsul dövlət qurumlarının rəhbərlərini, media menecerlərini və digər mütəxəssisləri bir araya gətirib.

Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsinin aparılması və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir