Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən qanunsuz onlayn mərc və kazino oyunlarının təşkilinə qarşı növbəti əməliyyat keçirilib.
Xeberyerinde xəbər verir ki, araşdırmalar nəticəsində Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərlik etdiyi dəstənin “Xbet” və “MostBet” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdiyi müəyyənləşdirilib.
“AzeCash” adı ilə fəaliyyət göstəriblər
Məlumata görə, dəstə üzvləri “Telegram” platformasında yaratdıqları “AzeCash” səhifəsindən istifadə etməklə qanunsuz mərc və kazino oyunlarının təşkilini həyata keçiriblər.
Onların paytaxtın Xətai rayonunda mənzil kirayələdikləri və burada fəaliyyətə cəlb olunan şəxsləri yerləşdirdikləri bildirilir. İşçilər qanunsuz əməliyyatların aparılması üçün müxtəlif texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin olunublar.
Əməliyyatın davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsində olmaqda şübhəli bilinən Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədov da saxlanılıb.
10 milyon manatlıq qanunsuz maliyyə dövriyyəsi
İstintaq zamanı dəstə üzvlərinin “Xbet” və “MostBet” platformaları üzərindən əldə etdikləri külli miqdarda vəsaiti müxtəlif üsullarla leqallaşdırdıqları müəyyən edilib.
Araşdırmalar nəticəsində qanunsuz mərc və qumar oyunlarının təşkili nəticəsində ümumilikdə 10 milyon manat məbləğində maliyyə dövriyyəsinin həyata keçirildiyi üzə çıxıb.
Faktla bağlı DİN-in Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. Saxlanılan şəxslərə ittihamlar elan olunub.
Məhkəmənin qərarına əsasən Zaur və Fuad Nərimanov barəsində həbs, digər şəxslərlə bağlı isə müxtəlif növ qətimkan tədbirləri seçilib.
DİN vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan “Xbet”, “MostBet” və digər qanunsuz mərc oyunlarına qoşulmamağa çağırıb.
Qeyd olunub ki, qanunsuz mərc və qumar oyunlarının təşkili və idarə olunması ilə yanaşı, bu fəaliyyətlərdə iştirak da qanunvericiliyə əsasən cinayət və ya inzibati məsuliyyət yarada bilər.

