Dövlət qulluqçularına qarşı yeni kiberdələduzluq üsulu

Dövlət qulluqçularına qarşı yeni kiberdələduzluq üsulu

Son dövrlərdə Azərbaycan mobil operatorlarına məxsus nömrələrdən istifadə etməklə dövlət qulluqçularını və müxtəlif müəssisələrin əməkdaşlarını hədəfə alan kiberdələduzluq halları artıb.

Xeberyerinde xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Rəhbərlərin adından saxta “WhatsApp” hesabları açılır

DTX-nın məlumatına görə, Azərbaycan ərazisindən kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplar xüsusi proqramlar vasitəsilə dövlət qurumlarının və müxtəlif təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə edirlər.

Daha sonra həmin nömrələrə qurumların rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edilməklə yaradılan saxta “WhatsApp” hesablarından mesajlar göndərilir.

Mesajlarda qarşı tərəfə müxtəlif bəhanələrlə “təcili” tapşırıqlar verilir. Bəzi hallarda zərərçəkənlər hüquq-mühafizə orqanlarının adından yaradılmış digər saxta hesablara yönləndirilir və xarici bank hesablarına pul köçürmələri tələb olunur.

Cinayətkarların bəzi üzvləri müəyyənləşdirilib

DTX bildirib ki, müəyyən edilmiş faktlarla bağlı həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməllərində iştirak edən şəxslərin bir qismi müəyyənləşdirilib.

Onların barəsində beynəlxalq hüquqi prosedurlar çərçivəsində müvafiq tədbirlərə başlanılıb.

Hazırda xarici ölkələrin aidiyyəti qurumları, eləcə də sosial şəbəkə və digər platformaların operatorları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə əməkdaşlıq davam etdirilir.

Birgə tədbirlərin əsas məqsədi kibercinayətkar şəbəkənin digər üzvlərinin də müəyyən edilərək tam ifşa olunmasıdır.

mənbə: Operativmedia

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir