Bakıda bəzi marşrut avtobuslarının hərəkətində gecikmələr sərnişinlərin narazılığına səbəb olub. Sakinlər 107, 131, 172 və 189 saylı marşrutların intervalından şikayət edir, xüsusilə axşam saatlarında avtobus tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
Xəbər Yerində “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, avtobusların hərəkət qrafiki sabit deyil. Bəzən nəqliyyat vasitələri qısa intervalla gəlsə də, bəzi hallarda sərnişinlər 20-45 dəqiqə gözləməli olurlar.
“Bəzən 45 dəqiqə gözləyirik”
Sakinlər bildirirlər ki, avtobusların gecikməsi gündəlik gediş-gəlişlərini çətinləşdirir. Onların sözlərinə görə, gecikmənin səbəbi soruşulduqda avtobusların sayının az olduğu deyilir.
Vəziyyət xüsusilə axşam saatlarında çətinləşir. Sakinlərin iddiasına görə, gündüz gecikmə ilə də olsa mənzil başına çatmaq mümkün olsa da, saat 22:00-dan sonra avtobus tapmaq daha da çətinləşir.
Onlar qeyd edirlər ki, saat 22:00-23:00 radələrində işdən çıxan sərnişinlər uzun müddət dayanacaqlarda qalmalı olurlar. Bəziləri isə məcburən taksidən istifadə edir.
Sakinlərin sözlərinə görə, axşam saatlarında bəzi nəqliyyat vasitələri ilə gediş haqqının da artdığı iddia olunur. Bu vəziyyət sərnişinlər üçün əlavə xərc yaradır.
Daşıyıcı şirkətlər nə deyir?
Məsələ ilə bağlı daşıyıcı şirkətlərə sorğu ünvanlanıb.
“BakuBus” MMC-dən bildirilib ki, 189 və 172 saylı marşrut xətləri şirkət tərəfindən istismar olunur.
Şirkətin məlumatına əsasən, 189 saylı marşrut üzrə 10 avtobus fəaliyyət göstərir və avtobuslararası interval 14 dəqiqədir. 172 saylı marşrutda isə 16 avtobus xidmət göstərir, hərəkət intervalı 10-11 dəqiqə təşkil edir.
Saat 22:00-dan sonra avtobusların hərəkəti yoxlanılıb
Sərnişinlərin axşam saatlarında avtobusların işləməməsi və bir saatdan artıq gözləməsi ilə bağlı şikayətləri “BakuBus” MMC-nin onlayn monitorinq mərkəzi tərəfindən araşdırılıb.
Şirkətdən bildirilib ki, araşdırma çərçivəsində oktyabrın 7, 8 və 9-da hər iki marşrut üzrə avtobusların Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən çıxış saatları təhlil edilib.
Araşdırmanın nəticələrinə görə, həmin tarixlərdə 172 və 189 saylı marşrut avtobuslarının saat 22:00-dan sonra da qrafikə uyğun hərəkət etdiyi müəyyənləşdirilib. Şirkət çıxışlar arasında bir saatlıq fasilənin qeydə alınmadığını açıqlayıb.
Gecikmələrin səbəbi nədir?
Digər daşıyıcı şirkətlərdən isə gecikmələrin yalnız ayrı-ayrı marşrutlara aid olmadığı bildirilib. Onların sözlərinə görə, səhər və axşam saatlarında yollarda yaranan sıxlıq bütün marşrutların hərəkətinə təsir göstərir.
Həmçinin gecikmələrin qarşısını almaq məqsədilə 131 saylı marşrut xəttində avtobusların sayının artırıldığı qeyd olunub.
Beləliklə, sərnişinlər avtobusların intervalının pozulmasından və xüsusilə axşam saatlarında nəqliyyat çatışmazlığından şikayətlənirlər. Daşıyıcı şirkətlər isə gecikmələrin səbəbləri arasında yol hərəkətindəki sıxlığı göstərirlər.

