Xəbər Yerində Report-a istinadən xəbər verir ki, noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes forumu təşkil olunacaq.
Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Tədbirdə hər iki ölkənin dövlət qurumlarının və şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir. Forumun proqramına plenar iclas, tematik sessiyalar və B2B formatında işgüzar görüşlər daxildir.
Hansı sahələrdə əməkdaşlıq müzakirə olunacaq?
Forum çərçivəsində neft-qaz sektoru və bərpa olunan enerji mənbələri də daxil olmaqla enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Bununla yanaşı, infrastruktur, logistika, tikinti və kritik əhəmiyyətli xammal sahələrində tərəfdaşlıq imkanlarına baxılacaq.
Tədbirdə qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar da xüsusi diqqət mərkəzində olacaq.
Xüsusilə, məlumatların emalı mərkəzlərinin, yüksək məhsuldarlıqlı hesablama sistemlərinin və süni intellekt infrastrukturlarının inkişafı müzakirə ediləcək.
Bundan əlavə, süni intellektin istehsal, logistika, kənd təsərrüfatı, aqrosənaye, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiya sahələrində tətbiqi imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

