Bakıda taxta bazarında baş verən güclü yanğını işıqlandıran televiziya əməkdaşı hücuma məruz qalıb.
Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunan APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
APA TV-nin apardığı dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsindən sonra H.Sərdarov ərazidən uzaqlaşdırılıb.
Polis əməkdaşları hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıblar.

