“Təyinat nöqtəsi” radio proqramında peşəkar təlimçi Aqil Nəbiyevlə aparıcı Araz Mübarizoğlunun skuterlərlə bağlı müzakirəsi diqqət çəkib.
Xəbər Yerində xəbər verir ki, proqram zamanı aparıcı Bakıda skuterlərin iştirakı ilə baş verən qəzaları, piyadaların ölümü ilə nəticələnən hadisələri gündəmə gətirərək, paytaxtda skuter istifadəsinin məqsədəuyğun olub-olmadığını soruşub.
Aqil Nəbiyev isə suala qısa və konkret cavab verib: “Bakıya skuter yaraşmır”.
Peşəkar təlimçi bunun əsas səbəbi kimi skuterlərin idarə olunmasında yaş məhdudiyyətinin olmamasını göstərib. Onun sözlərinə görə, 10 yaşlı uşağın avtomobillərin hərəkət etdiyi intensiv yollarda skuter idarə etməsi qəbuledilməzdir.
Aqil Nəbiyev bildirib ki, dünya təcrübəsində skuter idarə etmək üçün yaş həddi əsasən 16 yaşdan başlayır. O hesab edir ki, təhlükəsizlik məsələləri nəzərə alınmadan skuterlərin şəhər nəqliyyatında geniş istifadəsi ciddi risklər yaradır.

