Baku Medical Plaza-da qeysəriyyədən sonra komaya düşən 28 yaşlı qadın vəfat etdi

Baku Medical Plaza-da qeysəriyyədən sonra komaya düşən 28 yaşlı qadın vəfat etdi

“Baku Medical Plaza”da qeysəriyyə əməliyyatından sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.

Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyatdan sonra beyninə qan sızan Şəhla 20 gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yenidoğulmuş körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-də təchizat üzrə mütəxəssis kimi çalışıb.

Hadisədən sonra Şəhlanın yaxınları onun səhhətinin əməliyyatdan sonra kəskin pisləşdiyini bildirərək mətbuata müraciət edib və “Baku Medical Plaza”nın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar. Yaxınlarının sözlərinə görə, əməliyyatdan təxminən 20 saat sonra pasiyentin arterial təzyiqi 200-dən yuxarı qalxıb və beyninə güclü qan sızıb. Qanaxmanın beyin kötüyünü ciddi zədələdiyi və ona beyin ölümü diaqnozu qoyulduğu bildirilib.

İttihamlarla bağlı klinikadan daha əvvəl verilən açıqlamada isə bildirilib ki, Şəhla Quliyeva hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib və müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb.

Klinikanın açıqlamasına görə, iyulun 28-də tibbi göstərişlər və mövcud klinik protokollara uyğun olaraq qeysəriyyə əməliyyatı keçirilib. Əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil şiddətli başağrısı və qıcolma tutması müşahidə olunub.

Aparılan müayinələr zamanı onda III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib və vəziyyətinin qiymətləndirilməsi üçün həkim konsiliumu çağırılıb. Konsiliumun rəyinə əsasən, pasiyentin klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.

Şəhla Quliyevanın müalicəsinin reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirildiyi, körpəsinin vəziyyətinin isə stabil olduğu bildirilmişdi.

Hazırda 28 yaşlı qadının ölümünün səbəbləri ilə bağlı əlavə araşdırmanın aparılıb-aparılmadığı barədə məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir