İspaniyanın Barselona şəhərində metro tunelində baş verən yanğın nəticəsində 130-dan çox insan tüstüdən zəhərlənib, onlarla sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə iyulun 27-də şəhərin ən işlək xətlərindən biri olan L1 xəttində, El Clot və Glòries stansiyaları arasındakı tuneldə baş verib. İlkin məlumata görə, yanğın kontakt şəbəkəsinin izolyasiya hissəsində yaranıb.
Maşinist alovu görərək qatarı təcili dayandırıb. Qısa müddətdə vaqonlara sıx qara tüstü dolduğundan təxminən 300 sərnişin qapıları əl ilə açaraq mobil telefonlarının işığı ilə tuneldən piyada çıxmağa çalışıb.
Hadisə yerinə 19 təcili yardım briqadası və çoxsaylı xilasedicilər cəlb edilib. Ümumilikdə 136 nəfər müayinədən keçirilib, onlardan təxminən 130-u tüstüdən yüngül zəhərlənib, 6 nəfərin vəziyyəti orta ağır qiymətləndirilib. Daha 39 nəfər müalicə üçün xəstəxanaya aparılıb.
Yanğın bir neçə saat ərzində söndürülüb. Hadisə səbəbindən metro xəttinin bir hissəsində hərəkət dayandırılıb, sərnişinlərin daşınması üçün əlavə avtobuslar təşkil edilib. Yerli hakimiyyət ölən və ya həyati təhlükəsi olan yaralıların olmadığını açıqlayıb.

