Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanovdan avqustun 28-dən etibarən xəbər yoxdur.
Məlumata görə, Hafiz Süleymanov Türkiyədən Gürcüstana keçib. Ailəsi sərhəd kameralarının görüntülərini araşdıraraq onun Gürcüstana daxil olduğunu müəyyənləşdirib. Bundan sonra isə onun harada olduğu barədə məlumat əldə etmək mümkün olmayıb.
İtkin şəxsin bacısı qızı Günay Əlizadə bildirib ki, Hafiz Süleymanov telefonunu Türkiyədə itirib və bu səbəbdən onunla əlaqə saxlamaq mümkün deyil. Ailə həmçinin aidiyyəti qurumlara müraciət edərək axtarışlara başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan vətəndaşının tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Ailə Hafiz Süleymanovu görən və onun yeri barədə məlumatı olan şəxslərdən polisə və ya yaxınlarına məlumat vermələrini xahiş edir.
Mənbə: Qafqazinfo

