“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin mümkün təhlükələri ilə bağlı ciddi xəbərdarlıq edib.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Qeyts süni intellektin pis niyyətli şəxslər tərəfindən istifadə olunacağı təqdirdə çoxsaylı insan tələfatına səbəb ola biləcək hadisələrə yol aça biləcəyini bildirib.
“1 milyard insanın ölümünə səbəb ola bilər”
Bill Qeyts NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində süni intellektin bəşəriyyət üçün ciddi təhlükə yarada biləcək gücə malik olduğunu deyib.
“AI, şübhəsiz ki, 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə gətirib çıxaracaq qədər güclüdür”, – deyə o vurğulayıb.
Qeyts bildirib ki, əsas risk texnologiyanın özündən deyil, onun pis niyyətli insanların əlinə keçməsindən qaynaqlana bilər.
“Heç vaxt belə güclü silah olmayıb”
Bill Qeyts süni intellektlə bağlı risklərin nəzarətdə saxlanılmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, pis niyyətli insanların ən yeni süni intellekt alətlərindən istifadə etməsi indiyədək görülməmiş miqyasda təhlükə yarada bilər.
Qeyts hesab edir ki, süni intellektin inkişafı fonunda hökumətlər və texnologiya şirkətləri təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər görməlidirlər.
Qeyd edək ki, Bill Qeyts son dövrlərdə süni intellektin həm böyük imkanlar, həm də ciddi risklər yaratdığını dəfələrlə vurğulayıb.

