Xəbər Yerində xəbər verir ki, Qəzza zolağında davam edən humanitar böhran xüsusilə uşaqlar üçün ağır nəticələrə səbəb olub.
“Unikal”ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlər əsasında 7 oktyabr 2023-cü ildən etibarən Qəzzada ölənlərin sayı 73 800-ə, yaralıların sayı isə 174 800-ə yaxınlaşıb.
Müharibə nəticəsində minlərlə insan amputasiya olunub. Ümumdünya Səhiyyə Təşkilatı və Qəzza səhiyyə orqanlarının məlumatına görə, bölgədə 6 mindən çox amputasiya əməliyyatı həyata keçirilib. Onların təxminən dörddə birinin uşaqların payına düşdüyü bildirilir.
Protez və reabilitasiya vasitələrinin Qəzzaya çatdırılmasında yaranan məhdudiyyətlər isə amputasiya olunmuş uşaqların müvafiq tibbi yardıma çıxışını çətinləşdirir.
Sosial şəbəkələrdə yayılan görüntülərdən biri də böyük diqqət çəkib. Videoda bir qolunu və ayaqlarını itirmiş azyaşlı uşağın dağıntılar arasında oynadığı görünür.
Ağır şəraitə baxmayaraq uşağın oyun oynamağa çalışması görüntüləri izləyənlər arasında geniş əks-səda doğurub.

