Göyçay rayonunda yerləşən və uzun illər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu iddia edilən dəbdəbəli yay evi satışa çıxarılıb.
Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında fəaliyyət göstərən əmlak səhifələrindən birində yayılan elana görə, ümumi sahəsi 22 hektar olan bağ evi yeni sahibini gözləyir.
İddialara görə, sözügedən kompleksin tikintisi hazırda Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Ziya Məmmədovun xalası oğlu Mansur Məmmədov tərəfindən həyata keçirilib. Həmin dövrdə bağ evinin yüksək səviyyədə abadlaşdırıldığı və geniş yaşıllıq zolağı, yardımçı tikililər və istirahət üçün nəzərdə tutulan müxtəlif obyektlərlə təchiz edildiyi bildirilir.
Məlumatlara əsasən, Ramiz Mehdiyev vəzifədə olduğu illərdə bu bağ evinə tez-tez helikopterlə gəlib-getdiyi üçün ərazi uzun müddət xüsusi nəzarət altında saxlanılıb.
Hazırda isə illərdir istifadə olunmadığı bildirilən mülkün baxımsız vəziyyətdə olduğu qeyd edilir. Buna baxmayaraq, geniş ərazisi və yerləşdiyi mövqeyi səbəbindən bağ evi sosial şəbəkələrdə böyük maraq doğurub.
Qeyd edək ki, Ramiz Mehdiyev 14 oktyabr 2025-ci ildə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. 2026-cı il 10 fevralda ev dustaqlığı qətimkan tədbiri 4 ay uzadılıb.
Xatırladaq ki, Ramiz Mehdiyevin adına bağ evləri və daşınmaz əmlaklarla bağlı məlumatlar əvvəllər də dəfələrlə medianın gündəminə gəlib. O, Novxanıdakı bağ evi, Tbilisi prospektində Avropa otelinin yaxınlığında ev dustaqlığında olduğu ev də medianın gündəmdə olmuşdu. Onun adı ilə bağlı səsləndirilən tikinti iddiaları isə rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.





