Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir.
“Xəbər Yerində” xəbər verir ki, mötəbər tədbir yeni istifadəyə verilən Bişkek Arena stadionunda təşkil olunub.
Açılış mərasimində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndə heyətləri, idmançılar, mədəniyyət xadimləri və yüksək səviyyəli qonaqlar iştirak edir. Proqram çərçivəsində köçəri xalqların tarixi, milli adət-ənənələri və mədəni irsini əks etdirən genişmiqyaslı təqdimatlar və bədii çıxışlar nümayiş olunur.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak edirlər. Azərbaycan VI Dünya Köçəri Oyunlarında idman, mədəniyyət və elmi proqramlar üzrə təmsil olunur.
Bu ilki oyunlar 31 avqust–6 sentyabr tarixlərində Qırğızıstanda keçirilir. Yarışların əsas hissəsi İssık-Kul bölgəsində, o cümlədən Çolpon-Ata və Kırçın dərəsi ərazisində baş tutacaq.
Təşkilatçıların məlumatına əsasən, oyunlarda 100-dən çox ölkənin iştirakı gözlənilir və təxminən 3 min idmançı müxtəlif ənənəvi idman növlərində mübarizə aparacaq. Proqramda atçılıq yarışları, güləş, oxatma, milli oyunlar və digər ənənəvi idman növləri yer alır.
Açılış mərasimində beynəlxalq ulduz, amerikalı müğənni Nikol Şerzingerin də çıxış edəcəyi bildirilib. O, artıq Bişkekə gəlib.









