Belçikanın paytaxtı Brüsselin tarixi Qran-Plas meydanında bu il də ənənəvi çiçək xalçası nümayiş etdirilib. Bu dəfə meydanın görünüşü məşhur yapon rəssamı Kasuika Hokusayın “Kanaqavadan böyük dalğa” əsərindən ilhamlanan nəhəng kompozisiya ilə dəyişdirilib.
“Xeber Yerinde” “Report”a istinadən xəbər verir ki, 1 680 kvadratmetr ərazini əhatə edən çiçək xalçasının uzunluğu 70, eni isə 24 metrdir. Kompozisiyanın müəllifi yapon rəssamı Xiro Suqiyamadır.
Əsərin hazırlanmasında əsasən Belçika georginlərindən istifadə olunub. Kompozisiyaya həmçinin beqoniyalar, müxtəlif otlar və qabıqlar daxil edilib. Ümumilikdə 700 mindən çox çiçəkdən istifadə olunan xalçanın hazırlanmasında 100-dən artıq könüllü iştirak edib.
Könüllülər əvvəlcədən hazırlanmış eskizə əsasən çiçəkləri meydanda yerləşdiriblər. Onların arasında Yaponiyanın Belçikadakı səfiri Takesi Osuqa da olub.
Gecə saatlarında isə çiçək xalçası xüsusi işıqlandırma və musiqi ilə müşayiət olunan şounun əsas hissəsinə çevrilir.
Qeyd edək ki, “Flower Carpet 2026” layihəsi Belçika ilə Yaponiya arasında diplomatik münasibətlərin 160 illiyinə həsr olunub. Bu, Qran-Plasda təşkil olunan 24-cü çiçək xalçasıdır və yapon mövzusunda hazırlanan ikinci kompozisiyadır.
Brüsseldə ilk çiçək xalçası 1971-ci ildə yaradılıb. 1986-cı ildən etibarən isə tədbir iki ildən bir, avqust ayında keçirilir. Bir neçə gün nümayiş olunan bu kompozisiya efemer sənət nümunəsi hesab edilir və festival başa çatdıqdan sonra aradan qaldırılır.




