Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, oktyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib.

Beynəlxalq hüquqa riayət olunmasının əhəmiyyəti vurğulanıb

Ceyhun Bayramov çıxışında artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Nazir qarşılıqlı hörmət və maraqlar əsasında dövlətlərarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf baxımından mühüm amil olduğunu vurğulayıb.

MDB-nin humanitar əməkdaşlıqdakı rolu

Çıxış zamanı MDB-nin yaradılmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi də qeyd olunub.

Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb.

Humanitar əməkdaşlığın MDB-nin gündəliyində mühüm yer tutduğunu bildirən nazir 2027-2028-ci illər üzrə 200-dən çox tədbiri əhatə edən Prioritet Tədbirlər Planının əhəmiyyətinə diqqət çəkib.

Ceyhun Bayramov Azərbaycanda keçirilən III MDB Oyunlarının, eləcə də Laçın şəhərində “2025-ci il MDB-nin Mədəniyyət paytaxtı” çərçivəsində təşkil olunan tədbirlərin Birlik məkanında mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri

Nazir Azərbaycanın MDB dövlətləri ilə ticari-iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Ticarət dövriyyəsində müsbət dinamikanın müşahidə olunduğu, Azərbaycanın əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr hesabına Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, həmçinin liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, həyata keçirilən layihələr regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına imkan yaradacaq.

Azərbaycan MDB ölkələri ilə əməkdaşlığa sadiqdir

Sonda Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib.

O, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidova ölkəsinin MDB-də qarşıdakı sədrliyi çərçivəsində uğurlar arzulayıb.

Azərbaycan tərəfinin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində Özbəkistana lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək bir sıra qərar layihələri nəzərdən keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir