“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə bu gün saat 14:20 radələrində paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsi ərazisində qeydə alınıb.
Yük avtomobili dəmir maneəyə çırpılıb
“112” qaynar telefon xəttinə yol-nəqliyyat qəzası nəticəsində vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əraziyə baxış zamanı “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşdığı müəyyən olunub.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb və içəridə olan şəxslər sıxılı vəziyyətdə qalıb.
4 nəfərin meyiti çıxarılıb
FHN xilasediciləri xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini çıxarıblar.
Daha bir nəfər isə avtomobildən sağ vəziyyətdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

